Şəkidə bayram tədbirlərinə start verilib
Şəkidə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə aparılan hazırlıq işləri artıq yekunlaşıb.
Yeni ilin gəlişi ilə əlaqədar Şəki şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Şəhərin mərkəzi hissəsində hündürlüyü 12 metr olan yolka quraşdırılıb. Bundan başqa, şəhərin müxtəlif yerlərində 2 ədəd 5 metrlik dekorativ yolka yerləşdirilib. İctimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Mirzə Fətəli Axundzadə prospektlərində xüsusi işıqlandırma sistemləri quraşdırılıb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir.
Artıq bayram şənliklərinə də start verilib. Təşkilatlarda, təhsil müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə tədbirlər təşkil olunur. Bayram günlərində şəhərin mərkəzi meydanında şəhər sakinləri üçün yerli incəsənət ustalarının iştirakı ilə musiqi proqramları təqdim olunacaq.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə bayram sovqatı paylanılır.