Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə heyvandarlıqda damazlıq-seleksiya işlərinin təşkili məsələləri müzakirə olunub

30 dekabr 2016 | 09:12

Heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər məsələlər dekabrın 29-da Şəki şəhərində keçirilən zona müşavirəsinin əsas müzakirə mövzusu olub.
Müşavirədə Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının heyvandarlıqla məşğul olan fermerləri, süni mayalama və heyvandarlıq mütəxəssisləri iştirak ediblər.
Tədbiri açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev hazırda aqrar sahədə çalışan işçilərin qarşısında duran əsas vəzifənin kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının daxil istehsal hesabına ödənilməsini təmin etmək və ölkənin ixrac potensialını artırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili məsələlərindən ətraflı bəhs edib.
Bildirilib ki, bu gün ölkənin daxili imkanlar hesabına kənd təsərrüfatı, o cümlədən heyvandarlıq məhsulları ilə təmin olunması, habelə ixrac potensialının artırılması qarşıda duran başlıca vəzifələrdəndir. Prezident İlham Əliyevin tapşırığı ilə hazırda bu istiqamətdə mühüm tədbirlər görülür. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi bu tədbirlərin tərkib hissəsidir. Bu məqsədlə xaricdən yüksək məhsuldar heyvanlar alınaraq, fermerlərə güzəştlə satılır.
Qeyd olunub ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalandırma tədbirləri böyük rol oynayır. Heyvandarlıqla məşğul olan fermerlərin və fiziki şəxslərin marağını artırmaq məqsədi ilə doğulan hər bir buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilir.
Müşavirədə, həmçinin heyvandarlıqda damazlıq-seleksiya işlərinin təşkili və mövcud heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması, süni mayalamanın əhəmiyyəti barədə təqdimat və çıxışlar olub.
Zona müşavirəsində fermer və mütəxəssisləri maraqlandıran suallara aydınlıq gətirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Keçidlər