Şəki teatrında türk yazıçısının əsəri səhnələşdirilir
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türk yazıçısı Hidayət Sayanın “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı isə Günel Məmmədlidir. Tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmməd, Nərmin Abbasova və başqaları ifa edirlər. Yeni səhnə əsəri martın sonunda teatrsevərlərə təqdim olunacaq.
TÜRKSOY-un dəvəti əsasında Şəki teatrının bu səhnə əsəri ilə Qazaxıstan, Qırğızıstan və Türkiyənin bir neçə şəhərinə qastrol səfərləri də nəzərdə tutulur.
Bundan əlavə, teatrın yaradıcı kollektivi Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə yay aylarında Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində, həmçinin Qazaxıstan və Türkiyədə teatrsevərlər qarşısında çıxış edəcək.