Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncləri zərərli təbliğatın təsirindən qorumaq üçün Şəkidə fəal iş aparılır

20 yanvar 2017 | 00:01

Müasir zamanda terrorçuluğun və dini ekstremizmin əsas hədəfi ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, hakimiyyəti ələ keçirməyə, suveren dövlətlərin ərazilərini qəsb etməyə yönəlib. Dini ekstremizm və din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmamaları üçün gənclərlə məqsədyönlü iş aparılması olduqca vacibdir.
Bu fikirlər yanvarın 18-də Şəki şəhərindəki 17 nömrəli tam orta məktəbdə keçirilən “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda tədbirdə səsləndirilib.
Məktəbin yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirak etdikləri tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək terrorizmin forma və təzahürləri barədə məlumat verib, onunla mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, terrorçuluq beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin fundamental azadlıqların, suverenliyin, ərazi bütövlüyünün, sosial və iqtisadi inkişafın bərqərar olmasına ciddi təhdiddir. Hazırkı dövrdə terrorizmdən heç də fərqlənməyən dini ekstremizm isə artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. Son vaxtlar törədilən terror aktlarında dini ekstremizmin əsasları özünü daha çox büruzə verir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə görülən tədbirlərin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, milli-mənəvi dəyərlərin təbliğində, mövcud tolerantlıq mühitinin qorunub saxlanılmasında, gənc nəslin milli ruhda yetişməsində müəllimlərin də üzərinə böyük məsuliyyət düşür.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər