Şəkidə Gənclər günü münasibətilə tədbir keçirilib
Fevralın 1-də Şəki şəhər Gənclər və İdman İdarəsi ilə YAP Şəki Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Şəkidə yerləşən hərbi hissələrin əsgər və zabitləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıb.
Digər çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıblar.
Sonra bilik yarışmalarında və olimpiadalarda yüksək nəticələr qazanmış gənclər və Şəkidə gənclər və idman sahəsində keçirilən tədbirləri geniş işıqlandıran media nümayəndələri mükafatlandırılıb.
Tədbirdə ali və orta ixtisas təhsili müsəssisələrinin tələbələrinin hazırladığı səhnəciklər, yerli incəsənət nümayəndələrinin çıxışı iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.