Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Şəkidə region sahibkarları ilə görüş keçirilib

14 fevral 2017 | 07:02

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Azexport.az portalı komandasının region sahibkarları ilə növbəti görüşü fevralın 11-də Şəkidə reallaşıb. Tədbirdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan yüzə yaxın sahibkar iştirak edib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə çıxış edərək qeyri-neft sektorunun və sahibkarlığın inkişafının ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu, aparılan iqtisadi islahatlar nəticəsində son illər bu sahədə mühüm nailiyyətlərin əldə edildiyini bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bölgələrdə keçirilən belə görüşlərin əsas məqsədinin sahibkarlara Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı barədə geniş məlumat verməkdən ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, son illər regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Xüsusi iqtisadi zonalarının yaradılması, tənzimləmə və inzibati prosedurlar sadələşdirməklə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sənaye şəhərciklərinin, biznes inkubatorların yaradılması istiqamətində görülən işlər və digər tədbirlər ölkəmizdə istehsalın genişlənməsində, ixrac imkanlarının artmasında xüsusi əhəmiyyətə malikdir.
Vüsal Qasımlı qeyd edib ki, fevralın ilk 10 günü ərzində “Azexport”un ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşır. Əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və digər məhsullara sifarişlər gəlir. İcraçı direktor bildirib ki, “Azexport” təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.
Ölkədə aparılan iqtisadi islahatlar barədə məlumat verən Vüsal Qasımlı, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən səmərəli istifadə etməyin vacibliyini vurğulayıb.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov sahibkarlara portalın funksionallığı, vahid məlumat bazasının işləmə prinsipi, məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlar barədə ətraflı məlumat verib.
Sonra görüşdə iştirak edən sahibkarların ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə sualları cavablandırılıb.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsilə müxtəlif ölkələrdən ilin əvvəlindən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub.

Keçidlər