Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümü Şəkidə qeyd olunub
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən ordu quruculuğu prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu gün ordumuzun bir hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin gücləndirilməsi, onun sağlam, bilikli və vətənpərvər vətəndaşlarla komplektləşdirilməsi Vətənimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə fevralın 13-də Şəkidə keçirilən tədbirdə səsləndirilib.
Şəhər rəhbərliyi və Xidmətin Şəki rayon şöbəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Şəhər 10 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra SHXÇDX-nin beş illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxış edərək, Xidmətin yaranmasından ötən beş ildə səfərbərlik, gənclərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi və müasir texnologiyaların tətbiqi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, SHXÇDX yaradıldıqdan sonra çağırışçıların həqiqi hərbi xidmət keçmələri üçün Silahlı Qüvvələrin hissələrinə təyin olunmaları sahəsində şəffaflığın təmin olunması üçün mühüm işlər görülüb.
Qeyd olunub ki, gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və çağırışaqədər yaş həddində olan gənclər arasında təbliğat və təşviqat işinin aparılması məqsədi ilə ümumtəhsil müəssisələrində ibtidai hərbi hazırlığın keyfiyyətinin yüksəldilməsi üçün mühüm işlər görülür. Kadr siyasətində də tam şəffaflıq yaradılıb, əməkdaşların iş şəraiti yaxşılaşdırılıb.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərləri çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində SHXÇDX-nin qısa müddətdə çox böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıblar. Azərbaycan Ordusunun son günlər cəbhədə düşmənə layiqli cavab verdiyini vurğulayan natiqlər şəkili gənclərin Vətənin müdafiəsinə hər an hazır olduqlarını diqqətə çatdırıblar.
Şəhid atası Oruc Salamov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına əmin olduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub.