Şəkidə 84 minə yaxın sakin pulsuz tibbi müayinələrə cəlb olunacaq
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, dördüncü ildir keçirilən əhalinin pulsuz tibbi müayinə aksiyası dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına böyük önəm verdiyini bir daha təsdiq edir.
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, fevralın 15-dən etibarən Şəkidə də əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib olunub, müayinə olunacaq əhalinin sayı müəyyənləşdirilib. Mayın 15-dək davam edəcək aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 84 minə yaxın sakinin müayinədən keçirilməsi nəzərdə tutulur.
Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev bildirib ki, tibbi müayinələrin mütəşəkkil qaydada keçirilməsi üçün təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb, cədvəl tərtib edilib. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada ilk gündən fəal iştirak edirlər. İlkin xəstəliklərin aşkar olunması, belə xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində mühüm əhəmiyyət kəsb edir.
Əhalinin müayinə olunması üçün rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində hər cür şərait yaradılıb. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs və digər müayinə kabinetləri əhaliyə pulsuz xidmət göstərəcək. Poliklinikaya gəlmək imkanı olmayan sakinlərə xidmət göstərmək üçün səyyar həkim briqadaları da yaradılıb.
Müayinədən keçən Şəki sakinləri bu xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.