“PAŞA Sığorta” şirkəti Şəkidə yeni nümayəndəliyini açıb
Fevralın 24-də “PAŞA Sığorta” şirkətinin Şəki şəhərində yeni nümayəndəliyi açılıb. Müasir tələblərə cavab verən yeni nümayəndəlik şəhərin Heydər Əliyev prospekti-4 ünvanında fəaliyyət göstərəcək.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, nümayəndəlik şəbəkəsinin genişlənməsi “PAŞA Sığorta”nın əsas inkişaf prioritetləri sırasındadır. Əsas məqsəd təkcə Bakı şəhərində deyil, həmçinin regionlarda da əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.
Qeyd olunub ki, 2006-cı ildən fəaliyyət göstərən “PAŞA Sığorta” şirkəti korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “PAŞA Sığorta” 10 illik fəaliyyəti dövründə 115 milyon 890 min 100 manat məbləğində sığorta ödənişi edib. Şirkət sığorta yığımları, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə hazırda sığorta bazarının ən böyük sığorta şirkətidir.
Açılış mərasimində Şəki şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, Şəkidə “PAŞA Sığorta” şirkətinin nümayəndəliyinin fəaliyyətə başlamasının sığorta xidmətlərinin keyfiyyətinin yüksəldilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib, əməkdaşlara uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.