Şəkidə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunur
Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlərin keçirilmişdir.
Faciənin ildönümü ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq rayonun ayrı-ayrı əmək kollektivlərində, ali, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqları və kitabxanalarda anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar keçirilmiş, kitab və rəsm sərgiləri təşkil olunmuş, xüsusi guşələr yaradılmışdır. Keçirilən tədbirlərdə insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 25 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir. Fevralın 24-də təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur.
Tədbirlər planına uyğun olaraq, şəhər ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, rayonda məskunlaşan Xocalı məcburi köçkünlərinin və şəhid ailələrinin iştirakı ilə anım mərasimi keçiriləcək, fevralın 26-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad olunacaqdır.