Xocali qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Şəkidə keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Dövlət Dram Teatrının foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Şəhər rəhbərliyinin, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayonun “Yeni Çələbixan” məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocali şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.
Tədbirdə Xocalı qətliamının Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə başladığı işğalçılıq müharibəsinin gedişində azarbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətinin ən dəhşətlisi olduğu xüsusi vurğulanıb. Bildirilib ki, erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri bu cinayət 613 nəfərin, o cümlədən 106 nəfər qadının, 63 nəfər azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə isə tamamilə məhv edilib.
Anım tədbirinin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Faciənin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilib.