Şəki sakinləri “ASAN xidmət” barədə məlumatlandırılıb
Martın 15-də Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “ASAN xidmət”in əhatə dairəsinin genişləndirilməsi və əhalinin Xidmət barədə məlumatlandırılması məqsədi ilə rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş nitqi ilə şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində geniş islahatların həyata keçirildiyini, bu islahatların tərkib hissəsi olan “ASAN Xidmət”in uğurlu fəaliyyətinin və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlərin cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə çox yüksək qiymətləndirildiyini bildirmiş, hazırda ölkəmizdə 11 “ASAN Xidmət” mərkəzinin fəaliyyət göstərdiyini qeyd edərək, bu il Şəki şəhərində də yeni bir mərkəzin açılmasının təqdirə layiq hal olduğunu vurğulamışdır.
Sonra Qəbələ regional “ASAN xidmət” Mərkəzinin direktor müavini Murad Kərimov tədbir iştirakçılarını təmsil etdiyi mərkəzin fəaliyyəti ilə bağlı məlumatlandırmışdır. Bildirmişdir ki, ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı 2013-cü ildən bu günədək mərkəzlərə 14 milyondan artıq vətəndaş müraciəti qeydə alınmışdır. Bu gün mərkəzlərlə yanaşı “Səyyar ASAN” avtobusları və “ASAN qatar” fəaliyyət göstərir ki, bu da ölkənin ən ucqar regionlarında yaşayan vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir.
Çıxışlarda bildirilmişdir ki, bu gün Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzləri öz işini operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında qurub və mərkəzlərdə vətəndaş məmnunluğu 100 faizə yaxındır.
Tədbirin sonunda xidmətin fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilmiş, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.