Qədim Şəki “Ölkəmizi tanıyaq” tur-aksiyasının ilk iştirakçılarını qəbul edib
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın bu il təşkil edilən ilk mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Yevlax şəhərinin, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının məktəblilərindən ibarət qruplar səfərin birinci günü, martın 16-da günorta saatlarında qədim Şəki diyarına gəliblər.
Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və memarlıq abidəsi var. Şəki, eyni zamanda, festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Bildirilib ki, 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şəki şəhəri bu şərəfli vəzifəni layiqincə yerinə yetirib.
“Marxal” müalicə-istirahət kompleksində yerləşən tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamaclarında, dəniz səviyyəsindən 1080 metr yüksəklikdə, füsunkar bir ərazidə tikilən bu kompleks 2016-cı ildə istifadəyə verilib. Kompleksin mehmanxana binasında hər biri iki nəfərlik 172 nömrə var. Kompleksin ərazisindəki villa tipli 31 kottecdə isə eyni vaxtda 168 nəfər qala bilər.
Günün ikinci yarısında Yevlax, Goranboy, Kəlbəcər və Xocalı məktəbliləri Şəkinin tarixi məkanları ilə tanış olublar.
Tur-aksiya iştirakçıları şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisini gəzib, Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyləri ilə, V-VI əsrlərə aid memarlıq abidəsi olan Dairəvi Məbədlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Qoruğun ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları martın 17-də Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.