Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Novruz şənliyi: rəngarəng konsert proqramları, sərgilər, meydan tamaşası...

23 mart 2017 | 04:03

Şəkidə xalqımızın qədim adət-ənənələrindən olan Novruz şənlikləri davam edir. Şəkililər bu qədim el bayramını böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.
Baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin qədim tarixi hissəsində - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib.
Tədbir Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqramla başlanıb. Şəhər sakinlərinin və şəhərin qonaqlarının iştirak etdiyi tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram tədbiri XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində davam etdirilib. Novruz tonqalı alovlandırıldıqdan sonra pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaradıblar.
Şəhər rəhbərliyi və qonaqlar daha sonra Qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid Dairəvi Məbədin həyətində folklor və rəqs kollektivlərinin maraqlı konsert proqramına tamaşa edib, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar. Tədbir iştirakçıları, həmçinin milli geyimli xanımların təqdim etdikləri bayram təamlarından dadıb, sacda bişirilən qutaba, fəsəliyə qonaq olublar.
Rəsm Qalereyasının həyətində gənc rəssamların Novruza həsr etdikləri “İlaxır” sərgisi, balaca musiqiçilərin çıxışları bayram tədbirinə xüsusi rəng qatıb.
Novruz bayramına həsr olunan ümumşəhər şənliyi XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində meydan tamaşası və rəngarəng konsert proqramı ilə davam edib.

Keçidlər