Orta məktəblərin alman dili müəllimləri Şəkidə bir araya gəliblər
Martın 28-də Şəkidəki “Marxal” mehmanxanasında Birinci Alman Dili Müəllimlər Sessiyası işə başlayıb.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin və Tbilisi Höte İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən iki günlük sessiyada respublikamızın bütün bölgələrini təmsil edən 70-ə yaxın alman dili müəllimi iştirak edir.
Sessiyanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova tədbirin əhəmiyyətini vurğulayaraq, orta məktəblərin alman dili müəllimləri üçün təşkil edilən ilk sessiyanın Şəkidə keçirilməsini təmin etdiyinə görə Almaniyanın ölkəmizdəki səfirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, əvvəllər Şəkinin bir çox məktəblərində alman dili fənni tədris olunsa da, son illər bu fənnə maraq azalıb və hazırda Şəkinin yalnız 4 məktəbində alman dili fənni tədris olunur. Zərinə Cavadova bu sessiyadan sonra orta məktəblərdə alman dilinə marağın artacağına əminliyini bildirib.
Tədbirdə Almaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşı xanım Heike Möckel və Tbilisi Höte İnstitutunun metodisti Eike Pockrand çıxış edərək, sessiyanın gündəliyi və müzakirə ediləcək məsələlər barədə məlumat veriblər.
Qeyd edək ki, sessiya çərçivəsində Höte İnstitutunun və Almaniyanın ölkəmizdə fəaliyyət göstərən təhsil təşkilatlarının təqdimatları keçiriləcək, həmçinin müəllimlər üçün metodiki seminarlar təşkil ediləcək. Çıxış və seminarların mövzuları təqaüd və təkmilləşdirmə imkanları, dərs metodikası, məktəblərdə alman dilinin tədrisinə dəstək, tədris prosesində yeni forma və üsullardan istifadə və digər məsələlərə həsr olunacaq.
Sessiyanın sonunda bütün iştirakçılara sertifikatlar veriləcək.
Belə tədbirlərin respublikamızın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.