Şəkidə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-nəzəri konfrans keçirilib
Martın 31-də Şəki şəhərində Şəki Şəhər İcra Hakimiyyəti ilə ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə “31 mart – bolşevik-daşnak vəhşiliyinin simasını əks etdirən qanlı tarix” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
ADPU-nun Şəki filialının akt zalında keçirilən konfransı giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru Rafiq Rəsulov açıb. Sonra 31 mart soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Sadiq Yusifov “Mart soyqırımı azərbaycanlıların qan yaddaşıdır” mövzusunda məruzə edib.
Bildiririb ki, Azərbaycanlılara qarşı törədilən qanlı faciələrin ən dəhşətlisi 1918-ci il ildə baş verib. Həmin ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və ətrafında, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımının nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Qeyd olunub ki, erməni millətçilərinin xalqımıza qarşı illərlə törətdikləri ağır cinayətlərə Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib.
Vurğulanıb ki, bu gün qarşımızda duran əsas vəzifə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Qeyd olunub ki, artıq dünya ictimaiyyəti reallığı dərk etməyə başlayıb. Bu uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin nəticəsidir.
Konfransda müəllim və tələbələr “31 mart soyqırımı erməni vəhşiliyinin bariz təcəssümü kimi”, “Mart soyqırımı insanlıq tarixinin silinməz qanlı ləkəsidir”, “Azərbaycanlıların 1918-ci il 31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayət kimi”, “Tariximizin qan yaddaşı: unutsaq, unudularıq” mövzularında çıxış ediblər.
Konfransda 31 mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.