Şəkidə “Quraqlığa davamlı yeni taxıl sortlarının nümayişi və toxumçuluğun təşkili” mövzusunda elmi-praktiki seminar keçirilib
Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər, dəmyə şəraitində payızlıq taxılın becərilməsi və taxıl əkinlərində aqrotexniki qulluq işlərinin təşkili ilə bağlı məsələlər aprelin 7-də Şəkidə keçirilən “Quraqlığa davamlı yeni taxıl sortlarının nümayişi və toxumçuluğun təşkili” mövzusunda elmi-praktiki seminarın əsas müzakirə mövzusu olub.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə taxılçılıq sahəsində fəaliyyət göstərən fermerlər və toxumçuluq təsərrüfatlarının təmsilçiləri iştirak ediblər.
Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev çıxış edərək, aqrar sahənin elmi təminatının müasir tələblər baxımından daha da yaxşılaşdırılması istiqamətində aparılan elmi tədqiqatlar, onların nəticələrinin tətbiqi və elmlə istehsal arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Elmi-praktiki seminarda çıxış edən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai seleksiya, biotexnoloji metodların cəlb edilməsi və bitki genetik ehtiyatlardan səmərəli istifadəyə dair aparılan tədqiqatların ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun aradan qaldırılmasına xidmət etdiyini, fermerləri davamlı, yüksək məhsuldar taxıl sortlarının toxumları ilə təmin etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, 2016-cı ildə institutun təsərrüfatlarında rayonlaşdırılmış taxıl sortları üzrə 1338,4 ton toxum istehsal olunaraq 120 özəl və dövlət toxumçuluq təsərrüfatlarına verilib. Qurumun rəsmisinin bildirdiyinə görə, yetişməmiş dənlər, dənin erkən soyuqların təsirinə məruz qalması, dənin sünbüldə cücərməsi, yağışların və vaxtsız suvarmanın təsirindən dənin rəngini itirməsi, qurutma prosesində dənin zədələnməsi, alaq otlarının mövcudluğu istehsal olunan buğdanın keyfiyyət göstəricilərinə mənfi təsir edən əsas amillərdəndir.
Seminarda Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Elxan İlyasov və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin müdiri Məclum Şükürovun mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.