Şəkidə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib
2017-ci ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 67 milyon 559 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. Buraxılan məhsulun 7 faizi dövlət, 93 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə əmtəə dövriyyəsinin həcmi 2,2 faiz artaraq 112 milyon 567 min manat olub. Müddət ərzində rayonda 1446 yeni, daimi iş yeri açılıb.
Bu barədə aprelin 18-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclasında məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində 2017-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-cı ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 68 min 514 hektar sahəyə aqrotexniki qulluq olunub.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonda 787 hektar sahədə tütün əkini planlaşdırılır. Əkin zamanı əsasən “Virciniya”, “Berley”, “İmunni-580”, “Zaqatala-67” tütün sortlarından istifadə olunacaq. Tütün əkini üçün 33 min kvadratmetr sahədə şitil yetişdirilib və aprelin 20-dən sonra şitillər sahələrə köçürüləcək.
Eyni zamanda, bu il rayonda 27 ton yaş barama istehsalı nəzərdə tutulub. Yeni fındıq bağlarının salınması üçün 301 hektar sahə əkin üçün hazır vəziyyətə gətirilib.
Bundan əlavə, cari ildə rayonda 8 min hektar sahədə yazlıq bitkilərin əkini də nəzərdə tutulur.
Məruzədə qeyd olunub ki, rüb ərzində ümumi uzunluğu 17,1 kilometr olan Şəki-Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd aytomobil yolunun tikintisi işləri davam etdirilib. Rayonun iki yaşayış məntəqəsi qazlaşdırılıb, daha 3 kəndin qazlaşdırılması istiqamətində zəruri işlər görülür.
Şura iclasında, həmçinin birinci rübdə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.