Şriftin ölçüsü :

Saytın rəngi :

Meksikanın Azərbaycandakı səfiri Şəki şəhərinə səfər edib

21 aprel 2017 | 02:04

     Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini aprelin 20-də Şəki şəhərinə səfər edib.
     Səfər çərçivəsində səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir.
     Səfir Rodriqo Labardini bildirib ki, artıq ikinci dəfədir ki, Şəkiyə səfər edir. Bu dəfəki səfərinin məqsədi regionlarda ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar axtarmaq, iqtisadi və mədəni əməkdaşlıq layihələrini müəyyənləşdirməkdir. Meksikalı diplomat Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəkinin onda yüksək təəssürat oyatdığını bildirib. O qeyd edib ki, Meksikanın Quanaxuato  şəhəri ilə Şəki şəhərinin çox oxşarlığı var və gələcəkdə bu iki şəhərin qardaşlaşması məqsədəuyğun olardı.
     Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
     Şəkiyə səfəri çərçivəsində səfir Rodriqo Labardini Şəki Xan Sarayı ilə tanış olub, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına baş çəkib.

 

Keçidlər