Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Çernobıl qəzasının ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir

27 aprel 2017 | 02:04

Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar aprelin 26-da DSMF-nin Şəki şəhər şöbəsinin konfrans zalında dəyirmi masa keçirilmişdir.
Şəhər icra hakimiyyətinin, əlaqədar təşkilatların nümayəndələrinin, Azərbaycan Çernobl Əlilləri İttifaqı İB Şəki şəhər təşkilatının üzvlərinin iştirak etdikləri tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhər təşkilatının sədri, ikinci qrup əlil Oqtay Həsənov 28 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş dəhşətli qəzanın acı nəticələri barədə danışmış, bu qəzanın XX əsrin ən böyük radiasiya fəlakəti olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün keçmiş sovet respublikalarından yüz minlərlə insan xilasetmə işlərinə cəlb edilmiş, onların böyük əksəriyyəti ağır xəstəliyə düçar olmuş, minlərlə insan şüalanmadan dünyasını dəyişmişdir. Bundan əlavə, fəlakət bölgəsində və ona yaxın ərazilərdə milyonlarla insan müxtəlif dərəcədə şüalanmaya məruz qalmışdır.
Bildirilmişdir ki, xilasetmə işlərində 7 mindən artıq azərbaycanlı da iştirak etmiş, ötən müddət ərzində onlardan 3 min nəfərdən çoxu dünyasını dəyişmişdir.
Diqqətə çatdırılmışdır ki, hazırda rayonda 66 nəfər Çernobıl iştirakçısı yaşayır. Onlardan 65 nəfərinin əlillik dərəcəsi vardır. Çernobıl əlilləri və iştirakçıları, onların ailə üzvləri daim dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəkidə yaşayan Çernobıl əlillərindən 5 nəfəri mənzillə təmin olunmuş, 7 nəfərə isə minik avtomobili verilmişdir.
Dəyirmi masada çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Çernobıl əlillərini maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, müraciətləri qeydə alınmışdır.

Keçidlər