Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib

27 aprel 2017 | 02:04

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktor müavini Nurəli Çələbiyev, eləcə də universitetin müəllim və tələbələri iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Pedaqoji Universitetinin Şəki filialının direktor müavini Nurəli Çələbiyev çıxışında bildirib ki, 2017-ci ilin ölkəmizdə möhtərəm Prezidentimizin Sərəncamı ilə "İslam Həmrəyliyi İli"  elan edilməsi təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəmi var. Azərbaycan öz təqdimatında İslamın əsl mahiyyətini bütün dünyaya çatdırmağa çalışır, eyni zamanda, ölkəmizin İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, İslam dünyasının vəhdətinə verdiyi önəmi göstərir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Sədr müavini ənənəvi dini dəyərlərimizin mahiyyətindən bəhs edərək bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. O qeyd edib ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılıdır. Gündüz İsmayılov vurğulayıb ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə  qarşı mübarizədə maarifçilik əsas silahdır. Sədr müavini bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini bildirərək milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruri olduğunu gənclərin diqqətinə çatdırıb.
Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov rayondakı sabit dini durum barədə məlumat verib. O, dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edərək həm dini, həm də dünyəvi təhsilin əhəmiyyətindən  danışıb.
Konfrans diskussiya formasında davam etdirilib.

Keçidlər