YAP Şəki təşkilatının VIII konfransı keçirilib
Öz sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən yeddi yüz minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Bu fikir Yeni Azərbaycan Partiyası Şəki təşkilatının mayın 4-də keçirilən VIII konfransında hesabat məruzəsində səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Təşkilatın sədri Həsən Həsənovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, 107 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Şəki təşkilatının hazırda 11299 nəfər üzvü var. Partiya üzvlərinin 50,5 faizini qadınlar, 35 faizini gənclər təşkil edir. Əvvəlki konfransdan keçən müddət ərzində təşkilat üzvlərinin sayı iki min nəfərdən çox artıb. Gündən-günə sıraları genişlənən, inkişaf edən iqtidar partiyasının üzvlərinin sayının sürətlə artması bir daha sübut edir ki, YAP öz proqram və nizamnamə tələblərini şərəflə yerinə yetirir və uğurlu inkişaf mərhələsindədir.
Vurğulanıb ki, təşkilatın VIII konfransı əlamətdar bir dövrə təsadüf edir. Bu günlərdə xalqımız görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanmış Ulu Öndər kimi yaşayır.
Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Siyasi Şurasının üzvü, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, deputatlar Kamilə Əliyeva, İlham Məmmədov, partiya fəalları çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, YAP Şəki təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Konfransda təşkilati məsələlərə də baxılıb, Həsən Həsənov yenidən YAP Şəki təşkilatının sədri seçilib.
Konfransda, həmçinin təşkilatın 51 nəfərdən ibarət Şurasının və 17 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçiliblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.