Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib

06 may 2017 | 09:05

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 5-də Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 50-dən artıq vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən texnika və işlə təminat, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq mübahisəsinin həll olunması, cins mal-qaranın alınmasına kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Tədbir çərçivəsində nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.
Məlumat verilib ki, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı və digər rayonlardan olan 68 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 1 milyon 806 min 722 manat məbləğində 110 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 720 min 548 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 19 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Həmçinin texnikaların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, vətəndaşlara müvafiq sənədlər təqdim olunub.
Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 7 min 475 istifadəçinin lizinqə götürdüyü 16 min 477 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 111 milyon 784 min 26 manat məbləğində güzəşt tətbiq olunub.
Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan mexanizatorların sürücülük vəsiqələrinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması da həyata keçirilib.

Keçidlər