Şəkidə barama istehsalı sahəsindəki vəziyyət müzakirə olunmuşdur
Mayın 11-də Şəki Şəhər İcra Hakimiyyətinn başçsı cənab Elxan Usubovun rəhbərliyi ilə rayonda barama istehsalı sahəsindəki qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin məsul işçiləri, idarə və təşkilatların rəhbərləri, ipəkçilik və baramaçılıq üzrə mütəxəssislər və kümdarlar iştirak etmişlər.
Müşavirədə bu il rayonun kümdarları tərəfindən götürülən 450 qutu barama qurdunun bəslənilməsi vəziyyəti müzakirə edilmiş, kümdarların problemlərinin həlli yolları müəyyən edilmiş, “Şəki-İpək” ASC tərəfindən salınan məhsuldar tut bağlarının kümdarlar arasında bölgüsü həyata keçirilmişdir.
Tədbirdə başçının müavini Firon Əliyev, “Şəki-İpək” ASC-nin direktoru Nizami Qəribov , Şəki Şəhər Kənd Təsərrüfatı idarəsinin rəisi Mehman Yusifov, “Şəki-İpək” ASC-nin nümayəndəsi Teymur Musayev və başqaları çıxış etmişlər.
Rayonda baramanın yetişdirilməsi, proqnozlaşdırılan 22,5 ton barama istehsalına nail olunması, kümdarlara müvafiq köməkliklər göstərilməsi məqsədilə şəhər icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir.