AZƏRTAC-ın Uşaq Bilik Portalı Şəkidə
Mayın 11-də Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbdə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi olub.
Məktəbin direktoru Filyar İbrahimova müasir dövrdə internet resurslarının məktəblilərin dünyagörüşünün formalaşmasında, maariflənməsində, daha geniş biliklər əldə etməsində, eləcə də asudə vaxtlarının səmərəli təşkilində artan rolundan danışıb. Qeyd edib ki, AZƏRTAC-ın Uşaq Bilik Portalında tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar toplanıb. F.İbrahimova təqdimat mərasiminə yüzə yaxın şagirdin qatılmasını məktəblilərin portala böyük marağının göstəricisi kimi qiymətləndirib.
Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçisi Mayis Səlimov, şəhər təhsil şöbəsinin əməkdaşı Anar Məmmədov, valideyn Aynur Çələbiyeva çıxış edərək, Uşaq Bilik Portalının məktəblilər üçün mühüm informasiya resursu, həmçinin uşaqların maraq dairəsinə aid məlumatların toplandığı zəngin bilik mənbəyi olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, məktəblilər ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, tarixi məkanları, həmçinin ədəbiyyatı, folklor nümunələri barədə biliklərini zənginləşdirmək üçün tez-tez internet resurslarına müraciət etməli olurlar. Bu baxımdan Uşaq Bilik Portalında yerləşdirilmiş rəngarəng, eyni zamanda, dəqiq məlumat bazası həm məktəblilər, həm də onların valideynləri üçün mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, 2012-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi olan 5 nömrəli tam orta məktəb Şəkinin qabaqcıl təhsil müəssisələrindən biridir. Məktəblə Uşaq Bilik Portalının əməkdaşlığı burada təhsil alan uşaqların bilik və dünyagörüşlərinin daha da artmasına töhfə verəcək.
Sonra portalın rəhbəri Nigar Hüseynova Uşaq Bilik Portalına aid təqdimatla çıxış edib. Azərbaycanın informasiya məkanında AZƏRTAC-ın xüsusi yer tutduğunu vurğulayan N.Hüseynova bildirib ki, agentliyin Baş direktoru Aslan Aslanovun təşəbbüsü ilə 2013-cü ildə yaradılmış Uşaq Bilik Portalı hər gün istifadəçilərə Azərbaycan və rus dillərində operativ xəbərlər, uşaqların maraq dairəsinə uyğun məqalələr, cizgi filmləri və bədii filmlər, əyləncəli materiallar təqdim edir.
Portalın yaradıcı əməkdaşlarının məktəb və liseylərdə görüşlər keçirməsinin ənənə halı aldığını bildirən N.Hüseynova deyib ki, bu görüşlərdə müəllim və şagirdlərin portal barədə rəyləri, təklifləri öyrənilir və nəzərə alınır. Uşaqlar portal tərəfindən təşkil edilən yaradıcılıq müsabiqələrində həvəslə iştirak edirlər. Təsadüfi deyil ki, hazırda portala baxış sayı bir milyonu ötüb. Uşaq Bilik Portalını Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Hollandiya, Gürcüstan və digər ölkələrdən də izləyirlər. Onu “Facebook” səhifəsində də izləmək mümkündür.
Sonra iştirakçılara Uşaq Bilik Portalı haqqında videoçarx təqdim olunub.
Tədbir çərçivəsində məktəb şagirdlərinin hazırladığı bədii proqram nümayiş etdirilib. Aparıcılar Həmayil Əlizadə və Aydan Nurinin natiqlik məharəti, 8-ci sinif şagirdi Mədinə Baxşıyevanın slaydlar vasitəsilə Şəki haqqında təqdimatı, 6-cı sinif şagirdləri Türkan Zamanlı və Sayalı Qazıyevanın Azərbaycan və Vətən haqqında şeirləri, hazırlıq sinfinin şagirdləri Dəniz Əhmədova, Mahir Hüseynli və Nihal Cabbarlının, Jalə və Murad İsmayılovların, Səbinə Ziyəddinovanın, Fidan və Zəhra bacılarının ifa etdikləri mahnı, şeir və rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Onlara AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi adından hədiyyələr təqdim olunub.