Şəki şəhərin yeni yaşayış massivində yaşayan sakinlərin evlərinə elektrik enerjisi verilmişdir
Xeyli vaxt idi ki, şəhərin yeni yaşayış massivində - 118, 119 və 120 kvartallarda yeni evlər inşa olunsa da, həmin əraziyə elektrik enerjisi verilməmişdir. Şəki şəhər İcra hakimiyyətinin diqqəti və qayğısı sahəsində Novruz bayramı ərəfəsində həmin ərazidə 350 ailəni elektrik enerjisi ilə təmin edə biləcək elektrik yarımstansiyası istismara verilmişdir. Ərazidə 630 kVa-lıq transformator quraşdırılmış, 72 dayaq basdırılmış, 5 min metrdən artıq SİP kabeli çəkilmişdir. İlkin olaraq 35 evə sayğac quraşdırılmış və elektrik enerjisi verilmişdir.
Həmin münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi ilə yanaşı ərazidə yaşayan sakinlər də iştirak etmişdir. Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov sakinləri Novruz bayramının gəlişi və evlərinə elektrik enerjisinin verilməsi münsibətilə təbrik etmişdir. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.