Şriftin ölçüsü :

Saytın rəngi :

İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə Şəkiyə gələn turistlərin sayı artıb

23 may 2017 | 03:05

Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkənin turizm sektorunda da böyük canlanmaya səbəb olub. Oyunları izləmək üçün respublikamıza təşrif buyuran əcnəbi turistlər ölkəmizi daha yaxından tanımaq üçün paytaxtla yanaşı, bölgələrə də üz tutur, sürətlə inkişaf edən Azərbaycanının gözəlliklərini, məşhur tarixi məkanlarını öz gözləri ilə görürlər.
Oyunların davam etdiyi bu günlərdə Şəkiyə gələn yerli və xarici turistlərin sayında da xeyli artım müşahidə olunur. Əcnəbi qonaqların Şəkidə ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.
Qoruğun direktoru Təranə Abdullayeva AZƏRTAC-a müsahibəsində Azərbaycanın növbəti dəfə dünya miqyaslı böyük idman tədbirinə ev sahibliyi etməsindən fəxarət və qürur hissi keçirdiyini vurğulayaraq deyib: “Mayın əvvəllərindən başlayaraq Qoruğun ərazisinə gələn turistlərin sayı xeyli artıb. Əcnəbi turistlər arasında ərəb ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan gələnlər üstünlük təşkil edir. Bələdçilər turistlərə ərazidəki tarixi abidələrin özəllikləri ilə yanaşı, ölkəmizdə uğurla davam edən IV İslam Həmrəyliyi Oyunları barədə də məlumat verirlər. Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra turistlər Qoruğun ərazisindəki istirahət məkanında Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə dəvət olunur, burada qoyulmuş böyük ekranlı televizor vasitəsi ilə Oyunların gedişini izləyirlər”.
Təranə Abdullayevanın bildirdiyinə görə, İslam Həmrəyliyi Oyunlarının davam etdiyi bu günlərdə Qoruğun iş rejimində də dəyişiklik edilib. Yəni, hazırda ərazidəki tarixi abidələrin qapıları səhər saat 8.00-dan axşam 20.30-dək turistlərin üzünə açıqdır.
Xan sarayının həyətində uzaq Avstraliyadan gəlmiş turistlərlə söhbət zamanı məlum oldu ki, Peter və Karoline Villiadsenlər cütlüyü səyahət etməyi çox xoşlayırlar. Azərbaycana ilk dəfədir səfər edirlər. Qədim Şəki onların çox xoşuna gəlib. Xan sarayının möhtəşəm abidə, nadir sənət nümunəsi olduğunu vurğulayan qonaqlar sarayın nəfis şəkildə hazırlanmış şəbəkə pəncərələri, interyeri və divar rəsmləri ilə abidənin yerləşdiyi ərazinin təbiət lövhələrinin çox gözəl vəhdət təşkil etdiyini bildirirlər.
Omanlı turist Rəşid Əl-Həkmani AZƏRTAC-a müsahibəsində bildirib ki, həyat yoldaşı ilə artıq Bakı və Qəbələ şəhərlərində olub. Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə məlumatı Bakıda olarkən əldə edib. Əcnəbi qonaq öz ölkəsinin idmançılarının da İslam dünyasının bu böyük idman tədbirində iştirak etməsindən çox sevindiyini bildirib.
Söhbətə qoşulan Dubaydan gəlmiş turistlər də son illər Azərbaycanda böyük idman yarışlarının keçirilməsindən məlumatlı olduqlarını deyib, ölkəmizdə turizmin inkişafı üçün çox gözəl şəraitin olduğunu vurğulayıblar.
Çikaqolu Davud Piter, sloveniyalı Rok Çampa, Misirdən gəlmiş Əhməd Mahmudla söhbət zamanı məlum oldu ki, onlar da Azərbaycana ilk dəfədir səfər edirlər və insanların qonaqpərvərliyindən, isti münasibətlərindən çox məmnundurlar.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən sənətkarlar da ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən qürur hissi keçirdiklərini bildiriblər. Təkəlduz ustası Vəfa Mustafayeva deyir ki, turistlərin marağını nəzərə alaraq Oyunların rəmzi simvolu olan su səhənginin əks olunduğu kiçik ölçülü milli suvenirlər də hazırlayıb. Turistlər belə kiçik suvenir-hədiyyələrə üstünlük verirlər. Söhbət zamanı digər şəkili sənətkarlar da Azərbaycanda kütləvi idman tədbirlərinin, beynəlxalq festivalların keçirilməsinin paytaxtla yanaşı, bölgələrdə də turizm sektorunun inkişafına çox böyük təsir göstərdiyini vurğulayıblar.

Keçidlər