Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur
Şəkinin turizm mərkəzinə gedən 7,2 kilometrlik yol yenidən qurulur.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq ASC tərəfindən müvafiq işlər uğurla icra olunur. Bu cür layihələrdən biri də tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və buraya yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yoludur. Üçüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,2 kilometrdir. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metr təşkil edir.
Hazırda yol boyu torpaq işləri görülür, yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 santimetr qalınlığında yeni asfalt-beton örtüyü salınacaq.
Bundan başqa təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 metr olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.
Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.