Şəkidə su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunub
İyunun 5-də Şəkidə su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə tədbir keçirilib.
Şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbirin işrirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafında yeni mərhələ başlanmışdır. Ulu öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir.
Tədbirdə çıxış edənlər meliorasiya və su təsərrüfatı sahəsində ölkədə və Şəki şəhərində görülən işlərdən danışıb, bu sahədə çalışanları peşə bayramları münasibətilə təbrik ediblər.
Sonda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçiləri Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Şəhər icra hakimiyyətinin başçısı uzun illər müxtəlif məsul vəzifələrdə, həmçinin meliorasiya və su təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərmiş Fərahim Qarayevi 70 illik yubileyi münasibətilə təbrik edib.