Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənclər Vətənin müdafiəsinə hər an hazırdırlar

13 iyun 2017 | 05:06

İyunun 12-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, gənclər iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən şəkililər Vətənimizin müdafiəsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə hər an hazırdırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışıb. Bildirib ki, ötən ilin aprel döyüşlərində, həmçinin sonrakı dövrlərdə Azərbaycan Ordusunun cəbhə xəttində düşməni ağır məğlubiyyətə uğratması işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün yaxında olduğundan xəbər verir. “Mən əminəm ki, əsgər olmağa, Vətəni qorumağa hazırlaşan hər bir Azərbaycan gənci özünə Mübarizi, Fəridi, Ramili və digər qəhrəman Vətən oğullarını nümunə götürəcək, yüksək nizam-intizamlı, dözümlü, cəsur, vətənpərvər bir gənc kimi əsgəri borcunu ləyaqətlə yerinə yetirəcəklər”,- deyə Asəf Əhmədov vurğulayıb.
Sonra Şəki şəhər-rayon Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev, rayon prokuroru Elmar Camalov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri İctimai Birliyi Şəki rayon şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək, gənclərə tövsiyələrini bildirib, onların Vətənimizin müdafiəsi, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiklərini, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyətlər qazandıqlarını, dövlətçilik ənənələrini daim uca tutduqlarını vurğulayıblar.
Tədbir ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Keçidlər