Şəki məktəbliləri son zəngin sevincini yaşayıblar
İyunun 14-də Şəkinin tam orta məktəblərini bitirən şagirdlər üçün son zəng çalınıb. Bu münasibətlə keçirilən mərasimlərdə məktəblərin kollektivi, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.
Bayram əhvali-ruhiyyəsi ilə bir neçə saat davam edən mərasimlərdə çıxış edənlər əlamətdar gün münasibətilə məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik etmiş, məzuna həyat yollarında uğurlar arzulamış, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyyə etmişlər.
Bildirilmişdir ki, 2017-ci ildə Şəkinin ümumtəhsil məktəblərininin 9-cu siniflərini 1989 nəfər, 11-ci siniflərini isə 1724 nəfər şagird bitirir. Keçən ilki məzunlar ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmişlər. Qəbul üçün ərizə vermiş 1141 nəfər abituriyentdən 656 nəfəri tələbə adını qazanmışdır ki, onlardan da 163 nəfəri 500-dən,61 nəfəri isə 600-dən çox bal toplamağa müvəffəq olmuşlar. Bir sıra məktəblərin şagirdləri respublika səviyyəli müsabiqələrdə böyük uğur qazanmışdır.
Qeyd olunmuşdur ki, şagirdlərin təlim-tərbiyəsi ilə 3700 nəfərdən çox müəllim məşğul olmuşdur. Sevindirici haldır ki, Şəki müəllimlərinin böyük əksəriyyəti Respublika Təhsil Nazirliyi tərəfindən may ayında keçirilən diaqnostik qiymətləndirilmə imtahalarında uğurla iştirak etmiş, dərin bilik və pedaqoji ustalıq nümayiş etdirərək yüksək ballar toplamışlar.
Vurğulanmışdır ki, respublikanın bir sıra digər rayonlarında olduğu kimi il ərzində Şəkidə də yeni modul tipli məktəblərin tikintisi aparılmışdır. Fazıl, Aşağı Şabalıd və Babaratma kəndlərində quraşdırılmış bu cür məktəblər artıq demək olar ki, uşaqların istifadəsinə verilmək üçün hazırdır. Qırxbulaq və Çapağan kəndlərində də bu tipli məktəb binalarının inşası nəzərdə tutulmuşdur.
Son zəng tədbirləri Şəkinin 5 və 10 №-li tam orta məktəblərində ənənəvi olaraq təntənəli şəkildə qeyd olunmuşdur. Məktəblərin rəhbərliyi, valideynlər və şagirdlər tərəfindən böyük hazırlıq işləri aparılmış, son zəngin yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər yadında qalacaq əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
5 №-li tam orta məktəbin 2 buraxılış sinfini bu il 32 şagird bitirmişdir. Ötən tədris ilində 6 nəfər şagird 500-dən, 2 nəfər şagird 600-dən çox bal toplamışdır.
10 №-li tam orta məktəbin 2 buraxılış sinfini bu il 51 şagird bitirir. Təhsil müəssisəsində 128 nəfər müəllim çalışır. Bunlardan 3 nəfər "Əməkdar müəllim" adına layiq görülmüş, 1 nəfər "Tərəqqi" medalı, 2 nəfər "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. 2012-ci ildə məktəb ilin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Tədbirlərdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.