Şriftin ölçüsü :

Saytın rəngi :

Kolumbiyanın xarici işlər naziri Şəki şəhərində olub

18 iyun 2017 | 02:06

Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Azərbaycana səfəri çərçivəsində 16-17 iyun 2017-ci il tarixdə Şəki şəhərində olub.
Kolumbiyalı qonaq və onu müşayiət edən şəxslər qədim Şəkinin görməli yerlərini gəzib, tarixi məkanları ilə tanış olublar. Xanım Mariya Anxela Olqinin Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Qonağın diqqətinə çatdırılıb ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.
Sonra qonaqlar “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı bildirilib ki, ən qədim yaşayış və mədəniyyət məskənlərimizdən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli bir neçə festival keçirilir. 2016-cı ildə Şəki şəhəri TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi olan Şəki xanlarının sarayı xalqımıza xas olan yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin nümunəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.
Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda abidə mehmanxana kimi fəaliyyət göstərir.
Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Şəki səfərindən məmnun qaldığını, şəhərdən zəngin təəssüratlarla ayrıldığını bildirib.

Keçidlər