Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək
İyunun 27-dən iyulun 1-dək Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nə uyğun olaraq builki festivalda İslam ölkələrindən olan musiqi kollektivlərinə daha çox yer ayrılıb. Festivalın musiqi, dostluq və həmrəylik bayramına çevriləcəyinə inanırıq.
Bunu festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə festivala həsr olunmuş mətbuat konfransında deyib.
Bildirilib ki, bu festival ənənəvi olaraq keçirilir. Festivalın özəlliyi ondan ibarətdir ki, festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ edilir.
Qeyd edilib ki, Şəki əsrlər boyu ipəyin vətəni olub və bu gün də orada ipək istehsal olunur. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidəsi var.
F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb.
Festivalın proqramı barədə məlumat verən Firəngiz Əlizadə bildirib ki, festivalda Türkiyədən “İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu”, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyada “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcək.
Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək. Festivalın açılış mərasimi iyunun 27-də Marxal Yay Teatrında baş tutacaq. Festival Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi ilə açılacaq. Bağlanış mərasimində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək. Festival çərçivəsində Şəki Musiqi Kollecində görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti olacaq.
Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə ənənəvi olaraq keçirilən bu festivalda ən yaxşı kollektivlərin çıxış etdiyini söyləyib. Festival çərçivəsində Cövdət Hacıyevə həsr edilmiş konsertdə Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənəcəyini deyib.
Mətbuat konfransında iştirak edən Aygün Səmədzadə festivalın açılış mərasimində müəllif gecəsinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu bildirib. Festivala layiq bir proqramla çıxış etməyə çalışdıqlarını söyləyib. Qeyd edib ki, gecədə solistlər – Xalq Artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndirəcəklər. Onları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək. Eyni zamanda, şəkili ifaçılar da çıxış edəcəklər. A.Səmədzadə konsertdə mahnılarla yanaşı, müəllifi olduğu “Dağlı rəqsi”nin ifa olunacağını deyib.
Teymur Göyçayev konsert proqramında maraqlı nömrələrin yer aldığını söyləyib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin dirijoru Səməd Vəkilov orkestrin təqdim edəcəyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, filmlərdən sountrektlər, vətənpərvərlik mahnılarının ifa olunacağını bildirib.
Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev atasının 100 illiyinə həsr edilmiş musiqi festivalının keçirildiyini vurğulayaraq bildirib ki, belə tədbirlərdə C.Hacıyevin yubileyinin qeyd edilməsi olduqca qürurvericidir.