Şəkidə dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında 23 iyun – Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısınln birinci müavini Həsən Həsənov açıb. O dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Sonra Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Daşqın Mikayılovun məruzəsi dinlənilib. Məruzədə ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin xidmətlərindən ətraflı bəhs edilib, həyatımızın bütün sahələrində olduğu kimi, dövlət qulluqçularının işinin təşkili prosesinin də Ulu Öndərin adı ilə sıx bağlı olduğu vurğulanıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərliyi tərəfindən dövlət idarəçiliyi üçün peşəkar kadrların hazırlanması və formalaşdırılması işinə, kadrların düzgün yerləşdirilməsinə, dövlət qulluğunda çalışanların yüksək keyfiyyətə malik olmasına böyük önəm verilir. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, onlara verilən imtiyazlar dövlətimizin başçısının bu qəbildən olan vətəndaşlara diqqət və qayğısının bariz nümunəsidir.
Çıxışlarda vurğulanıb ki, dövlət qulluqçularının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hərəkəti siravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində dövlət qulluqçularına böyük ümidlər bəsləyir. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri mütləq doğrultmalıdır.
Qeyd olunub ki, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad bərqərar olur. Həyata keçirilən dövlət qulluğu siyasəti qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişaf etdirilməsinə xidmət edir.
Yığıncağın sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.