Qədim Şəki növbəti möhtəşəm musiqi bayramına ev sahibliyi edir
Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.
İyunun 27-də axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq səkkizinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Bu festivalın özəlliyi ondan ibarətdir ki, tədbir çərçivəsində keçirilən konsertlər Şəkinin tarixi məkanlarında, memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da “festivallar şəhəri” Şəkinin tarixi, memarlığı, sənətkarlığı, folkloru geniş şəkildə təbliğ olunur.
Bildirilib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar builki festivalda müsəlman ölkələrindən olan iştirakçılara üstünlük verilib. Festivalın proqramında, həmçinin Azərbaycan musiqi mədəniyyəti də geniş təmsil olunduğunu bildirən Firəngiz Əlizadə deyib: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək Yolu” VIII Beynəlxalq Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz izlər buraxacaq”.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Bildirilib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox xarici ölkələrindən gəlmiş musiqi kollektivləri, sənətçilər iştirak edirlər. “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Bildirilib ki, 2016-cı ildə Şəkinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması və “paytaxt ili” çərçivəsində keçirilən Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda, nadir Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayıb.
Diqqətə çatdırılıb ki, Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması və təbliği sahəsində xidmətlərinə görə Firəngiz Əlizadə “Şəkinin fəxri vətəndaşı” adına layiq görülüb.
Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti - Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub.
Gecədə solistlər – Xalq Artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə və orkestrin bədii rəhbəri Teymur Göyçayevə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.
Festival çərçivəsində iyunun 28-də günorta saatlarında Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun, axşam isə Şəki Xan Sarayının həyətində Ania Broda (Polşa) və “GuessousMesi Trio” qrupunun (Macarıstan) konserti olacaq.