Şriftin ölçüsü :

Saytın rəngi :

Festivalın ikinci günü Şəki tamaşaçıları Yaponiya musiqi qrupunun konsertini izləyiblər

29 iyun 2017 | 02:06

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 28-də “Marxal” istirahət kompleksinin Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub.
Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.
Məlumat verilib ki, “Va-Liqa” musiqi qrupu Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Qrupun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, “vadaiko” (yapon barabanları), “şamisen” (simli musiqi aləti), “minyo” kimi folklor musiqisi daxildir. Qrup indiyədək dünyanın müxtəlif ölkələrində üç yüzdən artıq konsert verib. “Va-Liqa” musiqi qrupunun 2014-cü ildə və sonrakı illərdə paytaxt Bakıda və respublikamızın digər şəhərlərindəki konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Təqdimatdan sonra musiqi qrupu tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Qrupun üzvləri Yamanaka Nobutonun, Sai Hidetoşinin və Takaku Teritoşinin ənənəvi yapon musiqi alətləri olan şamisen, vadaiko və zərb alətlərində təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar qrupun üzvlərinin konsertin sonunda ifa etdikləri Azərbaycan himnini ayaqüstdə alqışlarla qarşılayıblar.
Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam Şəki xanlarının sarayının həyətində Ania Broda (Polşa) və “Guessous Mesi Trio” qrupunun (Macarıstan) konserti olacaq.

Keçidlər