Baş Göynük kəndində səyyar qəbul keçirilmişdir
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 6-da Şəkinin Baş Göynük kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur. Bildirilmişdir ki, son dövrlər kənddə 2 yeni məktəb binası, kənd həkim məntəqəsi tikilmiş, 3 ədəd subartezian quyusu qazılmış, Baş Şabalıd, Baş Göynük və Aşağı Göynük kəndlərini birləşdirən 18 kilometrlik yol əsaslı təmir olunmuşdur.
Kənd sakinləri Məmmədova Bacıxanım, Məmmədova Simuzər, Calalov Rza, Məmmədov Cumay və başqaları çıxış edərək Baş Şabalıd kəndində subartezian quyusunun qazılması, Baş Şabalıd kənd orta məktəbinin istilik sistemində qış aylarında yanacaq çatışmazlığı, Şin çayının sahilində seldən mühafizə bəndinin tikilməsi, taxıl biçini mövsümü ilə bağlı kombayn çatışmazlığının yaranması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.