Yaponiyanın tanınmış həkimləri Şəkidə ödənişsiz göz müayinəsinə başlayıblar
Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyası çərçivəsində növbəti humanitar aksiyanı Mingəçevirdən sonra, Şəki şəhərində reallaşdırır.
Şirkətin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi, yaponiyalı doktor Akio Kanainin rəhbərlik etdiyi 6 nəfər optometrist mütəxəssis iyulun 14-də Şəki şəhərindəki 10 nömrəli tam orta məktəbdə məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı kampaniyasına start verib.
Humanitar kampaniya barədə məlumat verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elsevər Ağayev bildirib ki, 2005-ci ildən etibarən bu layihə hər il Azərbaycan Hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə həyata keçirilir. Altı gün davam edən xeyriyyə aksiyaları zamanı əsasən qaçqın və məcburi köçkünlərin, digər həssas qruplardan olan insanların gözləri oftalmoloq həkimlər tərəfindən müayinə olunur.
Elsevər Ağayevin sözlərinə görə, “Fuci Optikal” şirkəti Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib, 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib.
Qurumun təmsilçisi bildirib ki, indiyədək, ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və yerli hökumətin təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. “Fuci Optikal” şirkəti bu il təşkil edilən humanitar aksiya zamanı 4 min eynək paylayacaq, eşitmə ilə əlaqədar digər əşyaları ianə edəcək. Kampaniya çərçivəsində ümumilikdə, 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanların müayinəsi nəzərdə tutulur.
Xeyriyyə aksiyasında iştirak edən məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
1993-cü ildən Şəki rayonunda məskunlaşan Şuşadan olan məcburi köçkün Xaliq İbrahimov müsahibəsində aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Yük maşınının sürücüsü işləyirəm. Son vaxtlar gözümdə problem yaranıb, görmə qabiliyyətim xeyli zəifləyib. Sağ olsun yaponiyalı həkimlər, gözümü yaxşı müayinə etdilər, mənə eynək verdilər”.
Aksiyada iştirak edən Ağdamdan olan məcburi köçkün Bəsti Paşayeva, Xocalıdan olan Zərifə Əliyeva və digər köçkünlər də bu nəcib addımı yüksək qiymətləndirib, ölkəmizdə belə tədbirlərin keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Şəkidə başlanan göz müayinəsi aksiyasının ilk saatlarında artıq 100-dən çox məcburi köçkün müayinə edilərək eynəklə təmin olunmuşdu.
Humanitar aksiya iyulun 15-də də davam edəcək.