Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yeni sərhəd zastava kompleksi istifadəyə verilmişdir

26 mart 2013 | 16:00

Azərbaycanın dövlət sərhədləri boyunca yeni sərhəd zastavalarının tikilib istifadəyə verilməsi prosesi uğurla davam etdirilir. Martın 23-də Şəki rayonunun Baş Zəyzid kəndində yeni sərhəd zastava kompleksi istifadəyə verilmişdir.
Bununla əlaqədar keçirilmiş mərasimdə Sərhəd Qoşunları Baş Qərargahının rəisi, general-mayor Rəşad Sadiqov, zastavanın şəxsi heyəti, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Şəki Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Səmid Cəfərov hərbi hissənin yaranması və fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, sərhəd dəstəsi respublikanın şimal-qərb sərhədlərinin etibarlı mühafizəsini, dövlət sərhədlərimizin toxunulmazlığını təmin edir.
General-mayor Rəşad Sadiqov şəxsi heyəti Novruz bayramı münasibətilə təbrik etmiş, onlara hərbi xidmətdə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti ölkəmizdə geniş vüsət alan quruculuq və inkişaf proseslərində fəal iştirak edir. Dövlətimizin siyasi, iqtisadi qüdrəti artdıqca sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksəlir. Son illər Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası xeyli möhkəmlənmiş, çoxsaylı yeni və müasir tələblərə cavab verən sərhəd məntəqəsi kompleksləri tikilib istifadəyə verilmiş, sərhədçilərin xidməti-döyüş şəraiti daha da yaxşılaşdırılmışdır. Nəticədə sərhədlərimizin mühafizəsi xeyli təkmilləşdirilmişdir.
Dövlət Sərhəd Xidməti sərhədlərimizin qorunması işini yüksək səviyyədə təşkil etməklə yanaşı, şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl iş aparır. Təkcə 2012-ci ildə 420 binadan ibarət 41 yeni kompleksin, o cümlədən 10 yeni hərbi hissə kompleksinin əsaslı təmiri və tikintisi həyata keçirilmişdir. Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1226 mənzil inşa olunmuşdur.
Kompleksin açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Sərhəd zastavasında sərhəd xidmətini yüksək səviyyədə təşkil etmək, şəxsi heyətin yaşaması və istirahəti üçün hər cür şərait yaradılmışdır. Zastavada əsgərlər üçün bütün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, zabit və gizirlər üçün yaşayış evləri, idman meydançası, qaraj, xidməti heyvanlar üçün xüsusi bina və digər tikililər vardır.
Sonra mərasim iştirakçıları şəxsi heyətlə birgə bayram münasibətilə təşkil edilmiş nahar süfrəsində iştirak etmişlər.

Keçidlər