Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə Şəkidə tütün əkini sahələrinin 900 hektara çatdırılması nəzərdə tutulur

11 avqust 2017 | 11:08

Şəki rayonu kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan tütünçülüyün inkişafı üçün əlverişli təbii iqlim şəraitinə, torpaq və su ehtiyatlarına malikdir. Tütünçülük uzun illər rayon iqtisadiyyatının əsasını təşkil edib. Bu sahə bir müddət diqqətdən kənarda qalsa da, son illər dövlətimizin başçısı tərəfindən tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, rayonda tütünçülüyün inkişafında ciddi dönüş yaranıb. Belə ki, 2015-ci ildə Şəkidə 596 hektar sahədə tütün əkildiyi halda, cari ildə bu rəqəm 843 hektara çatdırılıb. Hazırda rayonun 11 kəndində iki minə yaxın istehsalçı tütünçülüklə məşğul olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı avqustun 10-da Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun məruzəsində rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı ilə bağlı görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, Şəkidə əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri baramaçılıq olub. Ötən əsrin 70-80-ci illərində Şəki İpək kombinatının istehsal etdiyi məhsullar keçmiş sovetlər birliyinin bütün respublikalarına ixrac edilirdi. Həmin illərdə Şəkidə 10 min ev təsərrüfatı barama yetişdirməklə məşğul olurdu. Təəssüf ki, sonralar kombinat fəaliyyətini dayandırıb və kənd təsərrüfatının bu gəlirli sahəsi diqqətdən kənarda qalıb.
Diqqətə çatdırılıb ki. son illər ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən davamlı tədbirlər Şəki rayonunda da barama istehsalının artmasına müsbət təsir göstərib. Belə ki, 2015-ci ildə rayonda cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə barama istehsalının həcmi 18 tona çatdırılıb.
Bildirilib ki, cari ildə rayonda 2 min 600 ton quru tütün istehsalı proqnozlaşdırılır. Mövsümün əvvəlindən bu günədək 1200 ton yaş və 25 tona yaxın quru tütün tədarük edilərək emal müəssisələrinə təhvil verilib. Dövlətimizin başçısının əkin sahələrini genişləndirmək barədə tapşırığına əsasən, gələn Şəkidə tütün əkini sahələrinin 900 hektara çatdırılması nəzərdə tutulur.
Məlumat verilib ki, 2016-cı ilədək rayonda cəmi 979 hektar sahədə fındıq bağı mövcud olub. Ötən ilin payız mövsümündə 724 hektar, 2017-ci ilin yaz mövsümündə isə 59 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 1761 hektara çatdırılıb.
Müşavirədə AMEA Şəki Resgional Elmi Mərkəzin tut ipək qurdunun seleksiyası şöbəsinin müdiri Qüdrət Bəkirov, həmçinin fındıqçılıq və tütünçülüklə məşğul olan fermerlər çıxış edərək, görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.

Keçidlər