Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Küngüt-Aydınbulaq avtomobil yolu cari ildə istifadəyə veriləcəkdir

27 mart 2013 | 16:00

     Azərbaycan Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq səkkiz min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Yolun tikintisi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq ayrılmış iki milyon manat vəsait hesabına ötən il yolda müvafiq işlər görülmüş, 133 min kubmetr həcmində qrunt əsas tökülmüşdür. 
    Yolun tikintisinin başa çatdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2013-cü ildə görüləcək işlər üçün 6,2 milyon manat vəsait ayrılmışdır. Artıq 34 kilometr uzunluğunda yolun 17 kilometrlik hissəsinə asfalt örtüyü çəkilmişdir və bu iş davam etdirilir. Bundan əlavə, yolun üzərində iki suötürücü də inşa edilmişdir. Sərnişinlər üçün nəzərdə tutulan 8 avtobus dayanacağından dördünün tikintisi artıq başa çatmışdır.
    Tikinti işlərini 15 nömrəli yol istismar idarəsinin kollektivi həyata keçirir. Avtomobil yolunun cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
   Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun istifadəyə verilməsi rayonda turizmin inkişafına da müsbət təsir göstərəcəkdir. Çünki eramızdan əvvəl II minilliyin ikinci yarısına aid qədim yaşayış məskəni – Təpəbaşı nekropolunun olduğu Fazıl kəndi məhz bu avtomobil yolunun üzərində yerləşir

Keçidlər