Şəkinin tütün qəbulu məntəqəsinə indiyədək 2 min tondan çox yaşıl tütün kütləsi daxil olub
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı mütəşəkkil şəkildə davam edir. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermer təsərrüfatlarından 2 min 200 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 240 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-a emal məntəqəsinin müdiri Kamran Şərifov məlumat verib. Məntəqə müdiri bildirib ki, hər gün məntəqəyə qurudulmaq üçün 40-50 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Qurudulan tütün preslənərək anbara yığılır və daha sonra cəmiyyətin Zaqatala rayonunda fəaliyyət göstərən tütün emalı zavoduna göndərilir.
O qeyd edib ki, Cumakənddən olan fermer Əbülfət Səfərov indiyədək məntəqəyə hamıdan çox – 100 ton yaşıl tütün kütləsi təhvil verib. Baş Göynük kəndindən Cəlal İmamov isə bu günədək məntəqəyə 91 ton yaşıl tütün gətirib.
Bu il Şəki rayonunun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb.