Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki qadınları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər

30 mart 2013 | 16:00

Martın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Şəki qadınlarının konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
    Konfransı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmışdır. Sonra şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın “Dövlət qadın siyasətinin həyata keçirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, bəşər cəmiyyəti mövcud olandan qadının cəmiyyətdə və ailədə rolu böyük olmuşdur. Bütün tarixi dövrlərdə Azərbaycan qadını xalqımızın azadlıq arzuları və idealları uğrunda apardığı mübarizədə ön sırada getmiş, milli dövlətçilik mövqeyindən çıxış edərək ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması işində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Azərbaycan qadını tarixən şərəfli yol keçmiş, öz uca varlığını həmişə qoruyub saxlamışdır.
    Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev qadın azadlığına, onların bütün sahələrdə irəli çəkilməsinə həmişə xüsusi diqqət yetirirdi. Məhz ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycanda qadınlar özlərini, sözün həqiqi mənasında, cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etmişlər. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi ölkəmizdə gender bərabərliyi məsələsinə dövlətin münasibətini əks etdirirdi. Ulu öndərin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu qayğının bariz nümunəsidir.
    Bildirilmişdir ki, Şəki qadınları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 86 min 177 nəfərini, yəni 49 faizini qadınlar təşkil edir. Qadınların 66 faizi əmək fəaliyyəti ilə məşğuldur. Bu gün Şəkinin səhiyyə ocaqlarında 2077, təhsil müəssisələrində 5918, mədəniyyət sahəsində isə 1359 nəfər qadın çalışır. Bundan əlavə, 108 qadın dövlət qulluqçusudur. 41 qadın yerli özünüidarə orqanlarında təmsil olunmuşlar. Son illər rayon qadınlarından 3 nəfəri “Əməkdar Müəllim” adına layiq görülmüş, 1 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
    Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək dövlətin qadınlarla bağlı siyasətinin başlıca istiqamətləri barədə danışmış, tövsiyələrini bildirmişdir.
Konfransın sonunda Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.

Keçidlər