“Avropa Avtobus Turu-2017” layihəsi çərçivəsində Şəkidə “Avropa şəhərciyi”nin açılışı olub
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 23-də Şəki şəhərində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub.
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində təşkil olunan tədbirdə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq, tədbirin Şəkinin mədəni həyatında xoş xatirə kimi qalacağını, sakinlərin Avropa mədəniyyəti və tarixi haqqında yeni biliklər əldə edəcəyini diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, “Avropa şəhərciyi” ittifaqın üzvü olan ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Layihənin məqsədi Avropa ölkələrinə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaratmaqdır.
Sonra tədbir iştirakçıları Avropa İttifaqına üzv ölkələrin mədəniyyətini, adət-ənənəsini, turizm potensialını əks etdirən guşələrlə tanış olublar.
Tədbir çərçivəsində uşaq və böyüklər üçün müxtəlif müsabiqələr, yarışlar, əyləncəli şoular təşkil olunub.
“Avropa şəhərciyi”nin açılışına həsr olunmuş silsilə tədbirlər axşam saatlarında şəhərin mərkəzi meydanında konsert proqramı ilə davam edəcək.