Mixael Kindsqrab: Almaniya Şəki ilə iqtisadi və mədəni sahələrdə yaxşı əlaqələr qurub
"Şəkidə reallaşan “Avropa şəhərciyi” layihəsi bizim üçün çox böyük uğurla keçir. Burada Avropa İttifaqına, o cümlədən Almaniyaya maraq göstərən bir çox gənc şəkililərlə ünsiyyətdə olduq, söhbət apardıq. Almaniya barədə biliklərini artırmaq, alman dilini öyrənmə mənbələri, həmçinin Almaniyada təhsil almaq imkanları ilə maraqlanan şəxslərə xeyli məlumat verdik."
Bunu “Avropa şəhərciyi”nin açılışı münasibətilə Şəkidə keçirilən tədbirdə iştirak edən Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanda bir ildir səfir kimi fəaliyyət göstərdiyini, bu müddət ərzində bölgələr içərisində ən çox Şəkiyə səfər etdiyini vurğulayan səfir deyib: “Bu şəhərlə istər iqtisadi, istərsə də mədəni sahədə çox yaxşı əlaqələrimiz qurulub. Hazırda Almaniya Şəkidə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı dəyəri 100 milyon avrodan çox olan əhəmiyyətli layihə həyata keçirir. Məşhur memarlıq abidəsi olan Şəki xanlarının sarayının bərpasında da alman mütəxəssislər yaxından iştirak ediblər. Bu gün reallaşan tədbir şübhəsiz ki, əməkdaşlığımızın daha da genişlənməsinə yeni töhfə olacaq”.