Şəkidə “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisinə 1 milyon manat ayrılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şəki rayonunun Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, “Aşağı Karvansaray” kompleksi, “Şəki xanlarının evi” bərpa olunub, ən müasir tələblərə cavab verən “Şəki Saray", “Sheki Palace” və “Yaffle İnn” mehmanxanaları, “Şəki Park” istirahət mərkəzi, “Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilib, ticarət və xidmət obyektləri istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri görülüb.
Şəki şəhərində mütəmadi olaraq keçirilən beynəlxalq “İpək Yolu” musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilib, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatıb.
Bu işlərin davamı olaraq “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisini və yolboyu ərazinin abadlaşdırılmasını nəzərdə tutan Sərəncam Şəki rayonunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədi daşıyır.