Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki müəllimləri peşə bayramlarını yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər

06 oktyabr 2017 | 09:10

Şəki müəllimləri öz peşə bayramlarını – Beynəlxalq Müəllimlər Gününü yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğur qazanıblar. Tədris ilinin yekunlarına görə məzunlardan üçü qızıl medala layiq görülüb. Şəki məktəbliləri ali məktəblərə qəbul imtahanlarında da uğurlu nəticələr əldə edib, 674 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 145-i 500-dən, 60-ı isə 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də Şəki şəhərində keçirilən tədbirdə məlumat verilib.
Rayonun qabaqcıl müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qabaqcıl müəllimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, şərəfli peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müstəqil Azərbaycanın gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan çox asılıdır.
Vurğulanıb ki, zəngin maarifçilik ənənələri olan Şəkidə elmə, təhsilə, müəllimə həmişə yüksək münasibət, hörmət bəslənilib və bu ənənə indi də davam edir.
Bildirilib ki, Şəki təhsilinin əldə etdiyi uğurlar hər il olduğu kimi, bu il də dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin oktyabrın 3-də imzaladığı Sərəncamla şəhər təhsil şöbəsinin metodiki kabinetinin müdiri Firəngiz İbrahimova “Əməkdar müəllim” fəxri adına, şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Gülxanım Balaşova isə “Tərəqqi” medalına layiq görülüblər. Ümumiyyətlə, son 5 ildə rayonun 14 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 8 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova ötən tədris ilində Şəki müəllimlərinin qazandığı uğurlar barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, cari ilin mayında müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanda Şəki rayonunun müəllimləri yüksək bilik və bacarıq nümayiş etdiriblər. Belə ki, imtahanda iştirak edən 3.310 müəllimdən 1.098-i 40-49 bal, 677-si 50-59 bal, dördü isə maksimum nəticə göstərərək 60 bal toplayıb.
Tədbirin sonunda rayonun bir qrup qabaqcıl müəlliminə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə, həmçinin, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyevə “Tərəqqi” medalı təqdim olunub.

 

Keçidlər