İspaniyalı turist: Gözəl ölkənizə növbəti dəfə ailəmlə birlikdə gələcəyəm
Azərbaycana rəfiqələrimin məsləhəti ilə gəlmişəm. Ölkənizdə ilk dəfədir oluram. Xoşbəxtsiniz ki, belə bir gözəl diyarda yaşayırsınız. Dağlar qoynunda yerləşən Şəkinin təbiətinə vurulduq. Bu gözəl diyara yenə də gəlməyi düşünürəm. Ancaq bu dəfə ailəmlə birlikdə gələcəyəm.
Bu sözləri Şəkidə AZƏRTAC-a müsahibəsində ispaniyalı turist Hilaria Qonzales Aqosta bildirib.
Qədim Şəki ilə tanışlıqdan məmnun qaldığını vurğulayan ispaniyalı qonaq deyib: “Buradakı abidələr Şəkinin qədim tarixindən, zəngin mədəniyyətindən xəbər verir. Xan sarayı bənzəri olmayan çox möhtəşəm memarlıq abidəsidir. Şəbəkə pəncərələr saraya xüsusi yaraşıq verir. “Sənətkarlar evi”ndə şəbəkə ustası Hüseynin əl işlərinə baxdıq. Bizə bildirildi ki, sarayın bərpasında o da iştirak edib. Məmnuniyyətlə usta Hüseynlə xatirə şəkli çəkdirdik. Ölkənizdən çox zəngin təəssüratlarla ayrılacağam”.