“ABAD” şəkili gənc sənətkara dəstək olub
“ABAD”ın dəstək göstərdiyi şəkili sənətkarlardan biri də gənc rəssam Zaur Əhmədovdur. 2010-cu ildə Azərbaycan Rəssamlıq Akademiyasını bitirən Zaur hazırda Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam vəzifəsində çalışır.
Gənc sənətkar, eyni zamanda, öz biznesini qurmaq məqsədi ilə iki ildir ki, kiçik ölçülü qaya daşları üzərində rəngli boyalarla rəsm əsərləri yaratmaqla məşğuldur. Yaşadığı diyarın gözəl təbiət mənzərələri, Şəki xanlarının sarayı, Kiş alban məbədi, Aşağı və Yuxarı karvansaraylar, həmçinin Azərbaycanın digər məşhur tarixi abidələri, müasir memarlıq nümunələri onun əsərlərinin əsas mövzusunu təşkil edir. Sənətkarın hazırladığı və turistlərin böyük maraq göstərdiyi maqnitli suvenirlər yüksək keyfiyyəti və zərif naxışları ilə diqqət çəkir.
Bu sahədə ilk addımlarını atan Zaur əl işlərinin Şəkidən kənarda da tanıdılmasına nail olmaq, daha geniş satış bazarına çıxmaq, gəlirlərini artırmaq məqsədi ilə “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib.
Zaur Əhmədov AZƏRTAC-a müsahibəsində deyib: “Yeddi aydan çoxdur ki, “ABAD” ailəsinin üzvüyəm. Əvvəllər hazırladığım əl işlərini satış üçün Şəkidəki mağazalara, sənətkarlıq dükanlarına təqdim edirdim. Biznesimi genişləndirməkdə çətinlik çəkirdim. “ABAD”a qoşulduqdan sonra artıq əl işlərim paytaxtımızın sənətkarlıq mərkəzlərində də satılır. Sifarişlərim xeyli çoxalıb. İndiyədək “ABAD”a 150-dək əl işi təqdim etmişəm. Hazırladığım kiçik ölçülü maqnitli suvenirlərin qiyməti 4-5 manatdır. Orta ölçülü əl işlərim isə 15-20 manata satılır. “ABAD”la əməkdaşlığı gələcəkdə daha da genişləndirmək fikrindəyəm”.