Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə keçirilən regional ictimai müzakirədə Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar geniş təhlil olunub

17 oktyabr 2017 | 02:10

Şəkidə keçirilən regional ictimai müzakirədə Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar geniş təhlil olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir.
Növbəti belə görüş oktyabrın 14-də Şəki şəhərində keçirilib. İqtisadiyyat, Kənd Təsərrüfatı və Vergilər nazirliklərinin əməkdaşlarının, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan sahibkarların, bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri regional müzakirədə ölkədə aparılan uğurlu iqtisadi islahatlar geniş təhlil edilib, islahatın nəticələrindən necə faydalanmağın yolları araşdırılıb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
“Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qeyri-neft sektorunun və sahibkarlığın inkişafının ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu, aparılan iqtisadi islahatlar nəticəsində son illər bu sahədə mühüm nailiyyətlərin əldə edildiyini bildirib.
Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək bildirib ki, son illər aparılan iqtisadi islahatların nəticəsi olaraq, respublikanın bölgələrində, eləcə də böyük şəhərlərdə mühüm inkişaf prosesi nəzərə çarpır. Aparılan siyasət nəticəsində sənaye istehsalı, kənd təsərrüfatının inkişafı artır, yeni sənaye zonaları yaradılır. Sektor müdiri bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Vurğulanıb ki, indi mövcud olan problemlərin həlli ilə bu inkişaf prosesi daha da sürətlənəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında Dünya İqtisadi Forumunun “2017-2018-ci illər Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsini ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu inkişaf prosesində bölgələrin iqtisadiyyata verdiyi töhfə çox böyükdür. “Azərbaycanda pambıqçılıq, tütünçülük, fındıqçılıq, baramaçılıq, çayçılıq və sitrusçuluğun inkişafına kompleks dövlət dəstəyi, turizmin inkişafı, sənaye, aqro və texnoparkların qurulması, müxtəlif təşviq mexanizmləri bölgələrin inkişafını sürətləndirir. Azərbaycanda aparılan iqtisadi islahatlar bölgələrin qeyri-neft sektorunda və qeyri-neft ixracında payını artırır. Şimal-qərb bölgəsinin bu inkişafda xüsusi payı var”, - deyə Vüsal Qasımlı bildirib.
Mərkəzin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn “Azərbaycan Respublikasında iqtisadi islahatlar: Şəki-Zaqatala iqtisadi rayonunun inkişaf perspektivləri” mövzusunda təqdimatında Strateji Yol xəritələrinin bu bölgənin inkişafına verəcəyi töhfələrdən danışıb.
İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov təmsil etdiyi qurumun gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.
Çıxışlardan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Müzakirələrə yekun vuran Vüsal Qasımlı belə görüşlərin ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Qeyd edək ki, bu mövzuda növbəti ictimai müzakirələr Quba, İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə keçiriləcək.

Keçidlər